Ərdoğan Bakıda dünya çempionu adını qazanan idmançını təbrik etdi

  Bölmə: Digər növlər | 1334 | 10:08 29-05-2021
Ərdoğan Bakıda dünya çempionu adını qazanan idmançını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatında qızıl medal qazanaraq, dünya çempionu olmuş Türkiyə gimnastına zəng edib.

Dövlət başçısı ilk öncə Türkiyə Gimnastika Federasiyasının rəhbərliyi ilə telefonla danışaraq, komandanın uğur qazanması ilə maraqlanıb. Rəcəb Tayyib Ərdoğan sonra qadın gimnastların fərdi proqramında qızıl medal qazanan Ayşe Onbaşı ilə danışaraq onu təbrik edib.

Qeyd edək ki, Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatı Azərbaycanda ilk dəfə təşkil edilib. Türkiyə təmsilçisi Ayşe Onbaşı qadın gimnastların fərdi proqramında 21.850 xal toplayaraq, qızıl medal sahibi olub.

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə dünya çempionatı mayın 26-da başlayıb.

Yarışların birinci günündə üçlük proqramında, qadınlar arasında fərdi proqramda və aerostep üzrə təsnifat mərhələsi keçirilib.

Aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı Azərbaycan Gimnastika Federasiyasının 2021-ci ildə təşkil etməyi planlaşdırdığı irimiqyaslı yarışlardan biridir.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir. Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

 

Digər xəbərlər