Azərbaycan güləşçiləri hansı yarışlarda iştirak edəcək?

  Bölmə: Güləş | 969 | 16:57 03-06-2021
Azərbaycan güləşçiləri hansı yarışlarda iştirak edəcək?

Məlum olduğu kimi, 24 mart 2020-ci il tarixdən pandemiya səbəbindən Respublika üzrə sərt karantin rejimi tətbiq olundu.

Bu səbəbdən bütün idman zalları bağlandı, idman cəmiyyəti və klublar məşqləri dayandırdı. Bu müddət ərzində ölkədaxili bütün beynəlxalq və yerli yarışlar keçirilməyib. O cümlədən hər il keçirilən güləş üzrə Uşaq Gənclər İdman Məktəblərinin (UGİM) birinciliyi baş tutmayıb. Sonuncu dəfə bu yarışlar 2019-cu ildə keçirilib. Bu yarışlar 15 yaşa qədər yığma komandalara seçim xarakteri daşıyır. Ancaq son iki ildə bu yarışların keçirilməməsi səbəbindən həmin yaş qrupu üzrə milli komandalar lazımı səviyyədə formalaşmayıb.


Dünya Güləş Birliyi (UWW) pandemiya səbəbindən 2020-ci ildə yeniyetmə və gənclər arasında bütün yarışları təxirə saldı. Bu ilin martından isə həmin yarışlar bərpa olunub. 27-30 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-15 Avropa çempionatı keçirildi. Həmin yarışda ölkəmizi yalnız yunan-Roma güləşçiləri təmsil etdi. Bu idmançıların əksəriyyəti Bakı və Sumqayıtdan olan güləşçilər olduğu üçün 15-17 yaş qrupu üzrə milli komandanın təlim-məşq proseslərinə cəlb olunmuşdu. Məhdud sayda heyət formalaşdırıldı və həmin idmançılar ölkəmizi Avropa çempionatında təmsil etdilər. Onlardan ikisi - Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa ikincisi oldu.


Qeyd edim ki, Dünya Güləş Birliyinin (UWW) saytında yer alan yarışın yekun protokolunda kobud səhvə yol verilib. Orada Yunan-Roma güləşçilərimizin adları həm yunan-Roma, həm də sərbəst güləş üzrə iştirakçıların siyahısında göstərilib. Halbuki Azərbaycan Güləş Federasiyası UWW-yə sərbəst güləş yarışları üçün iştirak ərizəsi göndərməyib. Ona görə də heç bir texniki məğlubiyyətdən söhbət gedə bilməz. Bu anlaşmazlıqla bağlı UWW-yə rəsmi şəkildə müraciət etmişik. Yəqin ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq.


Onu da qeyd edim ki, iyunun 14-20-si tarixlərində Bolqarıstanın Samokov şəhərində keçiriləcək Avropa çempionatı yeniyetmə idmançılarımızın 2020-ci ildən bu vaxta qədər iştirak edəcəyi ilk rəsmi yarış olacaq. Həmin qitə birinciliyində hər 3 güləş növü üzrə yığma komandalarımız çıxış edəcək.

 

Sərxan Musayev


Digər xəbərlər