Gənclər təşkilatlarının və idman ictimaiyyətimizin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

  Bölmə: Digər növlər | 874 | 14:31 15-06-2021
Gənclər təşkilatlarının və idman ictimaiyyətimizin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

15 iyun – Milli Qurtuluş Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kollektivləri, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı üzərinə gül dəstələri düzüblər.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz siyasi bacarığı və uzaqgörənliyi sayəsində qısa zamanda ölkədə stabilliyi təmin etməklə yanaşı uğurlu gənclər və idman siyasətinin də əsasını qoyub.

Əlamətdar günlə bağlı nazirliyin mətbuat xidmətinə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkə gənclərinin dövlətçiliyimizin qurulmasında Ulu Öndərin misilsiz xidmətlərini heç zaman unutmayacaqlarını deyib.

Qüdrətli dövlətimizin mövcudluğu məhz Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsi sayəsində mümkün olub. İstər gənclər siyasəti, istərsə də idman uğurlarımızın da memarı məhz Ulu Öndərdir. Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gəncliyi inamla dövlətçiliyimizin və Vətənin keşiyində dayanıb. İdmançılarımız əsasını ulu öndər Heydər Əliyevin qoyduğu xüsusi qayğını bu gün də hiss edir və Azərbaycanın şərəfini beynəlxlaq aləmdə uğurla qoruyurlar.

Gənclər və idman ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.


Digər xəbərlər