Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Turan Bayramov İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında finala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

Bayramov ardıcıl olaraq, You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikarda (Fransa) qalib gəlib. Yarımfinalda Kamoliddin Baxtıyarovdan güclü olan cüdoçu qızıl medal uğrunda görüşdə Giorgi Sardalaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Rəşad Quluzadə (66 kq) 1/32 final mərhələsində Uillis Qarsiyanı (Venesuela), ardınca isə Vasileyos Briolası (Yunanıstan) məğlubiyyətə uğradıb. Quluzadə növbəti raundda Maksim Qobertə (Fransa) yenilib. Eyni çəkidəki Kamran Süleymanov ilk görüşdəcə Azizbek Ortıkova (Özbəkistan) uduzub.

Qadın cüdoçulardan Səbinə Əliyeva (52 kq) 1/16 finalda Rebeka Kelleri (Macarıstan) mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmasında Liliya Nuqayevaya (Rusiya) qalib gələn idmançı 1/4 finalda Erza Muminoviqə (Kosovo) uduzub. Təsəlliveri dueldə Marina Diez Kastellodan (İspaniya) üstün olan Əliyeva bürünc medal uğrunda qarşılaşmada Binta Ndiaye (İsveçrə) ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunur. Yarışa oktyabrın 10-da yekun vurulacaq.