AİJA 2022-ci ilin ən yaxşı idman nominasiyalarının adlarını açıqlayıb

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2022-cı ilin idman laureatlarının adlarını açıqlayıb.

AİJA-dan OLİMPSPORT-a bildiriblər ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov ilin idman xadimləri seçiliblər.

Milli Olimpiya Komitəsi 30 illik fəaliyyəti dövründə Azərbaycan idmanının dünya Olimpiya hərəkatının öncüllərindən birinə çevrilməsindəki xidmətlərinə görə xüsusi mükafata layiq görülüb.

Güləş üzrə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi Eldəniz Əzizli, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, “Böyük dəbilqə” turnirlərinin ikiqat qalibi, cüdoçu Hidayət Heydərov, Dünya Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi, kikboksçu Bəhram Rəcəbzadə, qılıncoynatma üzrə qitə çempionatının, iki dünya kuboku yarışının və Qran-Prinin qalibi Anna Başta, FIDE Qran-Prisinin qalibi və Avropa çempionatının gümüş mükafatçısı, şahmatçı Günay Məmmədzadə, atıcılıq üzrə dünya çempionatının bürünc mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi Nigar Nəsirova ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi yunan-Roma, minifutbol və bədii gimnastika üzrə yığma komandalar olublar.

Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov, “Qarabağ” futbol klubunun çalışdırıcısı Qurban Qurbanov ilin baş məşqçiləri elan ediliblər.

İlin klubu “Qarabağ”, futbolçusu Ramil Şeydayev (“Qarabağ”), gənc futbolçusu Musa Qurbanlı ("Qarabağ"), legioneri Renat Dadaşov (“Qrasshopper”), əcnəbi futbolçusu Kadi Malinovski Borges (“Qarabağ”) seçiliblər. “Qarabağ”ın direktoru Emrah Çelikel ilin futbol adamı adına layiq görülüb. İlin idman hakimi Əliyar Ağayev (futbol) və Sədi Quliyev (güləş) olublar. İlin telekanalı İTV, radiosu isə “İctimai radio” seçilib. AİJA digər nominasiyalar üzrə də qalibləri elan edib.