MOK-da Azərbaycanın tanınmış idmançıları ilə görüş keçirilib

Milli Olimpiya Komitəsinin inzibatı binasınada Atletlər Komissiyasının üzvləri Azərbaycanın tanınmış idmançıları ilə görüşüblər.

Əvvəlcə komissiyanın sədr müavini Fəridə Əzizova (taekvando) bu il ərizndə görülən işlər haqda iştirakçılara məlumat verib. O Atletlər Komissiyasının idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə reallaşdırdığı “Qəhrəmanların varisləri” adlı layihənin nəticələrindən bəhs edib. Onun sözlərinə görə, layihəyə cəlb olunan 34 uşaqdan 17 nəfəri fəal şəkildə idmanla məşğul olur. Digər uşaqlar tədrislə əlaqədar layihədən uzaqlaşıblar. Fəridə Əzizova qarşıdakı illərdə daha çox uşaq və yeniyetmə ilə layihəni davam etdirəcəklərini bildirdi.

Görüşdə iştirak edən idmançılar yunan- roma güləşi üzrə Olimpiya mükafatçısı Rafiq Hüseynov, böyüklər arasında taekvando idman növü üzrə ikiqat dünya çempionu Milad Beigi Harçeqani və Azərbaycanın tanınmış kikboksçusu, “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov onları narahat edən məsələləri komissiya üzvlərinin diqqətinə çatdırdılar.

Qərara alındı ki, bu dəfəki müraciətlərlə bağlı hər hansı bir fəaliyyət haqda yaxın günlərdə idmançılara məlumat verilsin. İclasda komissiyanın yeni üzvü, bədii gimnast Zöhrə Ağamirova da iştirak edib. Qeyd edək ki, komissiyanın sədri Rüstəm Orucov (cudo), sədr müavini Fəridə Əzizova (taekvando) üzvləri isə Zöhrə Ağamirova (bədii gimnast) Kamran Şahsuvarlı (boks), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-roma güləşi) , Fatimə Əlkərəmovadlr (üzgüçülük). Atletlər Komissiyası idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynayır və karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir.