"Qəbələ” İK 2016-cı "İlin İdman Klubu” seçilib

Azərbaycan Gənclər və İdman Nazirliyi 2016-cı ilin yekunlarına həsr olunan tədbir keçirib.

Olimpsport.az
xəbər verir ki, "Buta Palace”da təşkil edilən təntənəli mərasimdə il ərzində fərqlənənlər təltif olunub. "Qəbələ” İdman Klubunun təmsilçiləri də ilin yaxşıları arasında yer alıblar. 

"Qəbələ” İdman Klubu 2016-cı "İlin İdman Klubu” seçilib. Buna idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları səbəb olub.

Bununla yanaşı, Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiyinə görə fəxri diplomla təltif edilənlər sırasında boksçularımız Kamran Şahsuvarlı və Lorenzo Sotomayor, həmçinin taekvondoçumuz Milad Beiqi Harçeqani də olub. Karate üzrə dünya çempionu Rafael Ağayev "İlin ən yaxşı idmançısı” nominasiyasındakı qaliblərdən biri kimi təltif edilib.