Firdovsi Umudov çətin sınaq qarşısında

2-7 may 2017-ci il tarixdə Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 

Qeyd edək ki, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Avropa çempionatının keçirilməsi baş məşqçi Firdovsi Umudovu biraz çətin vəziyyətə salır. Düzdür, Firdovsi müəllimin öhdəsində kifayət qədər güclü idmançılar var.  İki vacib və çətin sınaq qarşısında iki heyət formalaşdırmaq o qədər də asan iş deyil. Buna baxmayaraq təcrübəli məşqçi heyəti təkmilləşdirməyi bacarıb.  Avropa çempionatının heyətinə nəzər salanda yalnız Murad Süleymanov (74 kq) istisna olmaqla qalan bütün yığma üzvlərimizin hamısının milliləşdirilmiş idmançılar olduğunu görürük. Burdan belə qənaətə gəlmək olar ki, Firdovsi Umudov İslam Oyunlarında yerli publika qarşısında əsasən güclü və yerli idmançılardan təşkil olunmuş heyətlə çıxış edib uğurlu nəticə əldə etmək istəyir. Bu o demək deyil ki, yığmamız Serbiyaya turist kimi gedir. Əksinə, Avropaya gedəcək bahadırlarımız bacardıqca uğurla çıxış etməyə çalışacaqlar ki, əsas heyətdə özlərinə yer tutsunlar. Bu tsikl onlar üçün əla fürsətdir. Ümumilikdə Serbiyada uğurlu nəticəyə ümid etmək olar. Yəni bu heyət heç də əsas yığmamızdan geri qalmır. İdmançılarımızın ayrı-ayrılıqda şanslarını dəyərləndirsək, ilk növbədə təmsilçimiz Georgi Edişeraşvilinin (57 kq) ən azı ilk üçlüyə düşəcəyinə inanmaq olar.  Bu idmançının ustalıq və fiziki hazırlıq səviyyəsi çox yüksəkdir. Hər an görüşün talehini öz xeyrinə dəyişə biləcək gücündə olan və sona qədər mübarizə aparan  idmançıdır. Əhmədnəbi Qvarzatilovun(61 kq) əsas çatışmayan cəhəti müdafiə taktikasının ürəkaçan olmamasıdır. Bu idmançı yeniyetmə vaxtlarında necə açıq güləşirdisə, böyüklərdə də eyni üsulla  davam edir. Yəni istənilən rəqibdən istənilən vaxtı xal almağı bacarırsa,bəzən də asan xallar itirir. Son qənaətə gəlib demək olar ki, Əhmədnəbinin də qitə birinciliyində yer tutmaq şansı var. Gitinomoqamet Hacıyevə (65 kq) gəldikdə isə onun komanda yoldaşlarına nisbətən biraz təcrübəsiz olduğunu demək olar.  Ama onun fiziki hazırlıq və xalçada sərbəst şəkildə mübarizə aparmaq səviyyəsi var. Millimizin heyətində təcrübəli güləşçilərdən bir də Ruslan Dibirhacıyevdir. (70 kq) Avropa Oyunlarının qalibini çempionatın əsas favoritlərindən biri hesab etmək olar. Yığmamızın ən gənc idmançısı Murad Süleymanov (74) hazırda çox yaxşı formadadır. Psixoloji cəhətdən özünü kökləyə bilsə, Muraddan medal gözləməyə dəyər. Aleksandr Qostiyev də (86) təcrübəli və ümid verən güləşçilərimizdəndir. Onun da medal qazanmaq şansı yüksəkdir. Xetaq Qayzumovun karyerasını başa vurması 96 kq da yığmamızda böyük boşluq yaradıb. Əminliklə söyləmək olar ki, sərbəst güləş yığmamızın ən zəif mövqeyi bu çəkidir. Yəni Xetaq kimi usta güləşçi yetişdirmək üçün illər lazımdır.  Hər halda, Alanbek Alborov 96 kq da Qayzumovu əvəzləyəcək gücündə olmasa da, Avropa çempionatında sürpriz edə bilər.  Ən ağır çəkidə mübarizə aparacaq Cəmaləddin Məhəmmədov (125 kq) kifayət qədər Avropa çempionatı təcrübəsinə malikdir. Ama təcrübə hərşey demək deyil.  Xüsusilə ağır çəkili güləşçilərin mübarizəsində fiziki hazırlıq səviyyəsi öndə gələn amillərdəndir ki, Cəmaləddin də yarış günü bu baxımdan hazır olsa, yüksək nəticə əldə edə bilər. 

Ramin Təyyaroğlu