Elxan Məmmədov: “Azarkeşlərin komandamıza dəstək verəcəyinə inanırıq”
AFFA-nın baş katibi Elxan Məmmədovun Futbolxeber.az saytına müsahibəsi
- Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının startına artıq 1 gün qalıb. Sabah yığmamızı çətin sınaq gözləyir. Portuqaliya ilə oyundan öncə nə demək istərdiz?
- Arzumuz odur ki, sabah yığmamızın oyununa mümkün qədər çox azarkeş gəlsin. Fanatlarımız komandaya dəstək olsunlar. Avropanın ən güclü komandaları hazırda Bakıdadır. Bizim üçün turnirdəki ilk oyun çox vacibdir. Amma çempionatda bundan əlavə ən azı daha 2 görüşümüz olacaq. Millimizə sona qədər dəstək olmaq lazımdır. Biz komandamıza inanırıq. Əsas odur ki, idmanı sevənlər də inanıb, futbolçularımızı tək buraxmasınlar. Bizə sabah 12-ci oyunçu lazımdır. Bu halda komandamız daha cəsarətli oyun göstərəcək.
- Sabah Bakıda UEFA-nın aşağı yaş qrupları üzrə turnirlərində rekord qeydə alına bilər.
- Rekordun qeydə alınıb-alınmaması bizdən asılıdır. Sabah tarix yaza bilərik. Bunun üçün azarkeş sayı 33 mini keçməlidir. Mən inanıram ki, rekorda birgə imza atacağıq.
- Bilet satışı ilə bağlı son məlumat necədir?
- Son məlumata görə, satılan biletlərin sayı 30 mini keçib. Ümid edirəm ki, sabah birgə tarix yazağıq. Azarkeşlərin komandamıza dəstək verəcəyinə inanırıq.
- UEFA-dan məsul şəxslərin sabahkı açılışda iştirakı gözlənilirmi?
- UEFA-da yarışların rəhbəri postunu tutan Corcio Marektti açılışda olacaq. Çempionlar Liqasının son püşkatma mərasimini də o, təşkil edib. Bu gün Marketti Bakıya səfər edəcək.
- Bu günlərdə UEFA-nın tədbirində iştirak etdiz. Budapeştdə baş tutan görüşdə əsasən hansı məsələlər müzakirə olundu?
- Kosova UEFA-ya üzv seçildi. Bəzi ölkələr buna mənfi reaksiya göstərdilər. Yekunda səslərin sayı 28-in 24-ə oldu.
- Azərbaycan səsvermədə yəqin ki, Kosovanın əleyhinə səs verdi...
- Bəli, biz buna qarşı çıxdıq.
- Kosovanı Azərbaycan müstəqil ölkə kimi tanımır. Gələcəkdə bu ölkə yığmamıza rəqib olacağı halda, hansı addımlar atılacaq?
- UEFA hələ ki, Kosovanın statusu ilə bağlı qərar qəbul etməyib. Bununla bağlı Budapeştdə müzakirə aparılmadı. Növbəti iclasda bu məsələ müzakirəyə çıxarılacaq.
- UEFA-nın prezident seçkiləri ilə bağlı hansısa müzakirə oldu?
- Yox, bununla bağlı heç bir müzakirə olmadı. Çünki Mişel Platini lə bağlı yekun qərar bu günlərdə qəbul olunacaq.
- Futzal millimizin baş məşqçi vəzifəsinə axtarışlar nə yerdədir?
- Hazırda 2 əcnəbi məşqçi ilə danışıqlar aparırıq. Onların adlarını hələ ki, açıqlaya bilmərəm.
Mənbə: Futbolxeber.az