Milli Olimpiya Komitəsinin (MOK) yubiley tədbiri keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Milli Olimpiya Komitəsinin mətbiat xidməti məlumat verir ki, tədbirdə dövlət və hökumət rəsmləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycan MOK- üçün xüsusi olaraq hazırladığı, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında uğurlu çıxışlarına həsr olunan videoçarx nümayiş olunub. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin Milli Olimpiya Komitəsinə təbrik məktubunu oxuyub.

Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının nəticəsində ölkədə ən müasir idman infrastrukturu yaradılıb və azərbaycanlı atletlər beynəlxalq arenada layiqincə çıxış edirlər. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olub. Spiros Kapralos vurğulayıb ki, Birinci Avropa Oyunları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə mükəmməl təşkil edilib. Müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim olunduqdan sonra Avropa Olimpiya Komitələrinin prezidenti S.Kapralos rəhbərlik etdiyi qurumun xatirə hədiyyələrini MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş katib Azər Əliyevə təqdim edib. MOK rəsmiləri də komitənin xüsusi hədiyyəsini S.Kapralosa veriblər.

Təntənəli yubiley mərasimi möhtəşəm konsert proqramı ilə davam edib.