Azərbaycan kubokunda 2-ci mərhələnin qalibləri müəyyənləşib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının II mərhələsi davam edir.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyası məlumat yayıb. Məlumata görə, sentyabrın 7-də baş tutan ikinci yarış günündə idmançılar cüt ötüşmə növündə güclərini sınayıblar. 2010-2011-ci il təvəllüdlü oğlanlar (12 nəfər) 5 kilometr, 2009 (12 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (20 nəfər) isə 10 kilometr məsafə qət ediblər.

Bayraq Meydanının yaxınlığından start götürən idmançılar Heydər Əliyev prospekti ilə hərəkət edib, yenidən başlanğıc yerinə qayıdaraq orada finiş xəttini keçiblər.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Ələsgər Bürcəlizadə (ROEQİUGVM) və Timur Rəcəbov (ROEQİUGVM) cütlüyü birinci (09:12:62), Nizam Cavadlı (Təhsil RİM) və Anar Cəfərov (AVF Gəncə bölməsi) ikinci (09:43:30), Artyom Sokolov (ROEQİUGVM İsmayıllı) və Daniil Cəbrayılov (ROEQİUGVM) üçüncü (09:45:42) yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM) və Nihad Xudoyev (ROEQİUGVM) dueti hamıdan yaxşı göstəriciyə imza ataraq qızıl (16:12:48), Rüstəm Rəcəbli (Təhsil RİM) və Tunar Sadıqlı (Təhsil RİM) gümüş (16:42:13), Mirkəlam Ağayev (ROEQİUGVM) və Asiman Qasımov (ROEQİUGVM) bürünc (16:45:23) medal qazanıblar.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Artyom Proskuryakov (Təhsil RİM) və İsgəndər İsgəndərov (Təhsil RİM) birinci (14:41:46), Ravi Rzayev (ROEQİUGVM) və Turqut Qurbanlı (ROEQİUGVM) ikinci (15:14:10), Camal İbrahimzadə (ROEQİUGVM) və Tural İsrafilov (ROEQİUGVM) üçüncü (15:23:13) yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən turnirin sentyabrın 8-də baş tutacaq üçüncü - sonuncu günündə velosipedçilər kriterium növü üzrə mübarizə aparacaqlar.