Paralimpiya oyunlarının ilk günündə 7 idmançımız yarışacaq

Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start veriləcək.

Olimpsport.az xəbər verir ki, ölkəmizi təmsil edən 7 idmançı ilk gündən mübarizəyə qoşulacaqlar.

 

Saat 17:00-da start götürəcək cüdo yarışlarında iki təmsilçimiz var. Cüdoçumuz, 60 kq çəkidə çıxış edən Ramin İbrahimov 1/8 finalda argentinalı Eduardo Qauto ilə üz-üzə gələcək. 66 kq çəkidə yer alan Bayram Musatafayev 1/4 finaldan mübarizəyə qoşulacaq. Bayramın rəqibi Migel Vieyra (Portuqaliya) - Helison Boto Oliveyra (Braziliya) cütünün qalibi olacaq. 

 

Cüdoçulardan savayı 3 atletimiz də bu gün qüvvəsini sınayacaq. Elçin Muradov uzunluğa tullanmada rəqiblərini qabaqlamağa çalışacaq. Bu yarışlar saat 17:25-də başlayacaq. Bakı vaxtı ilə saat 17:56-da kişilərin 400 metr məsafəyə qaçışında Elmir Cəbrayılov, bir dəqiqə sonra qadınların 100 metr məsafəyə qaçışında Yelena Çebanu iştirak edəcək.

 

Üzgüçülük yarışında Azərbaycanın iki paralimpiyaçısı start xəttinə çıxacaq. Dmitri Saley və Raman Saley 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə uğur qazanmağa çalışacaqlar. Yarışa saat 18:16-da start veriləcək.

 

Xatırladaq ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarına 24 idmançı ilə 6 idman növündə 41 lisenziya qazanıb. Paralimpiadaya sentyabrın 18-də yekun vurulacaq.