Taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

İlk dəfə təşkil olunan kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

"Olimpsport" xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutub.

Mərasimdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak ediblər.

Dövlət Himni səsləndikdən sonra söz Çunqvon Çuya verilib. Dünya Taekvondosunun prezidenti birinciliyin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Taekvondo dünyada geniş yayılmış idman növüdür. İnsanlar bu növlə kiçik yaşdan məşğul olurlar. Bizim qurum da taekvondonun bütün dünyada yayılması, uşaqların və gənclərin bu növlə məşğul olması üçün çalışır. Gələn ilin fevralında Böyük Britaniyada taekvondo üzrə dünya çempionatı keçiriləcək. Burada toplaşan idmançıların da qarşıdakı illərdə dünya arenalarında bacarıqlarını göstərəcəklərinə inanıram".