"İnter" İtaliya A Seriyasında qalib gəlib

Futbol üzrə İtaliya A Seriyasının 33-cü turunun matçında “Milan”ı 2:1 hesabı ilə məğlub edən “İnter” vaxtından əvvəl çempionatın qalibi olub.

"Olimpsport" xəbər verir ki, qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub.

Qonaqların qollarını Françesko Açerbi (18-ci dəqiqə) və Markus Türam (49) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.

Matçın əsas vaxtında meydanda hər iki komandanın futbolçuları arasında dava düşüb. “Milan”ın futbolçusu Teo Hernandes və “İnter”in müdafiəçisi Denzel Dümfris qırmızı vərəqə alıblar, daha sonra “Milan”ın futbolçusu Davide Kalabria dirsək zərbəsinə görə oyundan uzaqlaşdırılıb.

“İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına (19 qələbə) görə “Milan”ı keçib. Rekordçu isə 36 dəfə çempion olmuş “Yuventus”dur.

“İnter”in baş məşqçisi Simone İnzaqi məşqçi kimi ilk dəfə İtaliya çempionu olub. O, 2021-ci ildən rəhbərlik etdiyi komandaya iki dəfə İtaliya Kuboku (2022, 2023) və üç dəfə Superkuboku (2021, 2022, 2023) qazandırıb. Bundan əvvəl İnzaqi “Latsio”nun baş məşqçisi kimi İtaliya Kubokunu (2019) və Superkubokunu (2017, 2019) qazanıb. O, futbolçu kimi “Latsio” ilə İtaliya çempionu (2000), UEFA Superkubokunun (1999), İtaliya Kubokunun (2000, 2004, 2009) və Superkubokunun (2000, 2009) qalibi olub.

Ötən mövsüm İtaliya A Seriyasında çempion “Napoli” olub.