Abşeron Olimpiya İdman Kompleksində karate üzrə açıq turnir keçirilib

Abşeron Olimpiya İdman Kompleksində karate üzrə açıq turnir keçirilib.

"Olimpsport" xəbər verir ki, paytaxtla yanaşı bölgələrdən gəlmiş ümumilikdə 800-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıblar.

Yarışın rəsmi açılış mərasimindən əvvəl AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadovun iştirakı ilə  klubların nümayəndələri, eləcə də məşqçi-müəllimlərlə toplantı keçirib. İclasda klubların mövcud problemləri, həmçinin məşqçilərin fikirləri dinlənilib. AKF rəhbərliyi tərəfindən klub və məşqçilərə, idmançılarla peşəkar müqavilələrin bağlanması istiqamətində tapşırıqlar verilib. 

Daha sonra AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, idarə heyətinin üzvü Maarif Bağırov və Paralimpiya Komitəsinin idman şöbəsinin rəisi Şahvələd Əliyevə, turnirin təşkilatçısı - AKF-in nəzdində fəaliyyət göstərən Azərbaycan Karate Təşkilatının rəhbəri Rənad Əliyev tərəfindən xüsusi mükafatlar təqdim olunub. 
Yarışın rəsmi açılış mərasimində Vinq Çun Döyüş Sənəti Federasiyasının idmançıları nümunəvi çıxışlarla yadda qalıblar. Yeniyetmə idmançıların nümunəvi kata çıxışı azarkeşlərin xüsusi marağına səbəb olub. Qeyd edək ki, 2 gün davam etmiş turnirdə para-karateçilər də mübarizə aparıblar.