Atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilərin və qadınların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma növündə mükafatçılar müəyyənləşib.

"Olimpsport" xəbər verir ki, bütün medallar Çin və Koreyadan olan atıcıların aktivinə yazılıb.

Kişilərin mübarizəsində Tokyo-2020 olimpiadasının gümüş mükafatçısı Lihao Şenq bütün rəqiblərini üstələyib. 19 yaşlı atlet 251.8 xalla aktivinə növbəti qızıl medalı yazıb. Gümüş mükafata da çinli atlet sahib olub. Linşu Du 251.4 xalla ikinci yeri tutub. Koreyanı təmsil edən Hayun Park bürünc medalla kifayətlənib.

Eyni növdə qadınların yarışında 2022-ci ildə Bakıda komanda növündə qızıl medala yiyələnən Jihyeon Keum 253.4 xalla yenidən çempionluq sevinci yaşayıb. 252.3 xal yığan çinlı atıcı Zifei Vanq gümüş medal əldə edib. Vanqın həmyerlisi Jiayu Han aktivinə bürünc medal yazıb (231.1 xal).

Mükafatlandırma mərasimindən sonra Jihyeon Keum fikirlərini dilə gətirib: “Qızıl medal qazandığıma görə hədsiz sevincliyəm. Sona yaxın rəqiblərimin hər ikisi Çindən olsalar da, mən onları düşünmürdüm. Bütün diqqətimi atış meydanına yönəltmişdim. Bu gün medalları Koreya və Çin atıcıları qazandılar. Bunun başlıca səbəbi təlimlər və yarışlar zamanı diqqətimizi atış nöqtəsinə lazımınca kökləməyimizlə bağlıdır. Koreyadakı məşqlərdə zallarda eynilə buradakı mənzərə yaradılır ki, özümüzü rəsmi yarışlarda hiss edirik. Bunun da müəyyən rolu var”.

24 yaşlı atlet ölkəmizdə gördüklərindən məmnunluğunu gizlətməyib: “Üçüncü dəfədir Bakıdayam. Səmimi deyirəm, Bakı indiyə qədər səfər etdiyim şəhərlərin arasında ən yaxşılardandır. Bakı Atıcılıq Mərkəzi də mənim üçün rahatdır. Mərkəz çox yaxşı inşa olunub, bütün detallar nəzərə alınıb”.