"Cümhuriyət Kuboku"nda maraqlı hadisə baş verib

Türkiyənin İstanbul şəhərində keçirilən "Cümhuriyət Kuboku" yarışında maraqlı hadisə baş verib. Bu barədə "olimpsport.az"ın Türkiyəyə ezam olunmuş  direktoru Rauf Rüstəmov məlumat verib. Belə ki, gənclər arasında sərbəst güləş yarışında  74-kq çəki dərəcəsində iştirak edən komandamızın üzvü Emin Nəcəfzadə 1/8-final görüşündə Ukrayna təmsilçisi Roman Kostuka məğlub olub. Komandamızın baş məşqçisi Ramin Allahverdiyev yarışın baş hakimlərinə öz etirazını bildirib. O, yarışların çəki mərasimini diqqətlə izlədiyini, belə idmançıya rast gəlmədiyini bildirib.  Baş məşqçi bildirib ki, əslində turnirdə belə idmançının iştirakı nəzərdə tutulmayıb və o başqa güləşçinin yerinə mübarizə aparıb. Etiraz hakimlər tərəfindən qəbul olunub və araşdırmalar nəticəsində Ramin Allahverdiyevin etirazı öz əksini tapıb. Məlum olub ki,Ukraynalı idmançının yerinə Dağıstandan gətirilmiş böyük yaşlı güləşçi mübarizə aparıb. Hakimlər briqadası tərəfindən dərhal görüşün nəticəsi ləğv edilib və qələbə idmançımıza verilib. Qeyd edək ki,saxta idmançı və onun məşqçisi bir anda yarış salonunu tərk edib və idmançı diskalifkasiya olunub. Emin Nəcəfzadə isə mübarizəni davam etdirib və qızıl medal qazanıb.