Sərbəst güləşçilərimiz ilk gündə 2 qızıl, 1 gümüş medal qazandılar
2017.05.20 07:20
“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Yarışların üçüncü günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
57 kq çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edib. Turnirə 1/4 final mərhələsindən start verən gənc pəhləvanımız ilk görüşündə Roland Tambi Nforsonqu (Kamerun) asanlıqla üstələyib (14:4). Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov yenə çətinlik çəkməyib. İdmançımız 13:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Mahir həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Mahir Əmiraslanov güləş yığmamıza günün ilk qızıl medalını qazandırıb.
Komanda yoldaşından fərqli, Maqomed Müslimov (65 kq) yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda da çətinliklə üzləşməyib. Belə ki, Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda isə təmsilçimizin rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də ənənəsinə sadiq qalaraq, rəqibini 10:0 hesabı ilə üstələyib və finalda Meisam Nasiri (İran) ilə güləşmək imkanı qazanıb. Gərgin keçən qarşılaşma təmsilçimizin 3:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşün gedişində 2:1 hesabı ilə önə keçən pəhləvanımız çempionluğa yaxın olsa da, ikinci hissədə etdiyi səhv ona baha başa gəlib. Nəticədə Müslimov yarışı gümüş medalla başa vurub.
Medal ümidi olan güləşçilərimizdən Cəbrayıl Həsənov (74 kq) ilk görüşünü 1/8 final mərhələsində keçirib. Öz çəkisində ən güclülərdən olan Olimpiadanın bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.
Nurmaqomed Hacıyev (97 kq) mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1), yarımfinala adlayıb. O, final yolunda son görüşünü suriyalı Abdallh Kərəmə qarşı keçirib və bu dəfə də qələbə əldə edib (9:0). Hacıyev digər 2 güləşçimiz kimi, həlledici görüşdə iştirak edib. İranlı Əmir Muhammadi ilə baş tutan final döyüşünə təmsilçimiz yaxşı başlamayıb. O, 0:2 hesabı ilə geri düşdükdən sonra təşəbbüsü ələ alıb və rəqibinə çətin anlar yaşadıb. Bunun nəticəsi olaraq, Hacıyev yekunda 9 xal fərqi ilə qələbə (11:2) əldə edərək, yığmamıza növbəti qızıl medalı qazandırıb.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərimiz 8 - 4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar.