Daha bir güləşçimiz İslamiadanın çempionu oldu
2017.05.20 21:03
Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Mayın 20-də sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.
Yarışlarda 125 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 12:8 hesabı ilə qalib gələn pəhləvanımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Salim Ercan və iranlı Caber Sadeqzadeh layiq görülüblər.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.