Kişi voleybolçularımız finalda İran komandasını qəbul edəcək
2017.05.21 10:23
Ölkəmizdə IV İslam Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında yarımfinal görüşləri oynanılıb.
Yarımfinalda qalib gələn Azərbaycan və İran milli komandaları finala yüksəliblər.
Yarımfinalda Türkiyə yığması ilə qarşılaşan iranlı voleybolçular çətin oyundan 3:2 hesablı qələbə ilə ayrılıblar. Matçın birinci hissəsini Türkiyə millisi öz xeyrinə bitirib - 25:18. Lakin ikinci setdə iranlı voleybolçular 25:21 hesabı ilə qalib gələrək hesabı bərabərləşdiriblər. Qarşılaşmanın üçüncü hissəsində Türkiyə yığması yenidən hesabda irəli çıxıb - 25:23. Dördüncü setdə İran komandası 25:21 hesabı ilə üstün olub. Gərgin və maraqlı keçən beşinci setdə daha dəqiq oynayan İran təmsilçiləri rəqiblərini 20:18 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin ediblər.
İkinci yarımfinal görüşündə Azərbaycan millisi Əlcəzair yığmasına 3:1 hesabı ilə qalib gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən birinci set 28:26 hesabı ilə Azərbaycan millisinin xeyrinə yekunlaşıb. Komandamız görüşün ikinci hissəsində də rəqibdən üstün olub - 25:21. Üçüncü setdə Əlcəzair kollektivi 20:25 hesabı ilə qalib gələrək hesab arasındakı fərqi azalda bilib. Dördüncü setdə inamlı oyun nümayiş etdirən voleybolçularımız 25:21 hesabı ilə qələbə qazanaraq finala yüksəliblər.
Azərbaycan millisi final qarşılaşmasında İran yığması ilə üz-üzə gələcək.
Türkiyə və Əlcəzair komandaları isə bürünc medal uğrunda yarışacaqlar.
Yarışalara sabah yekun vurulacaq.