Musa Aydın: “İslam ölkələrinin bir araya gəlməsi, ölkələrimiz arasında birlik və bərabərliyin nümayiş etdirilməsi hər birimizi sevindirir”

 

2017.05.21   18:32

Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları zamanı "olimpsport.az" saytına müsahibə verib.

-Əvvəlcə ölkəmizdə təşkil olunan IV İslam Həmrəyliyi Oyunları haqqında düşüncələrinizi bilmək istərdik...

- Yarış çox yüksək səviyyədə təşkil olunub. İslam ölkələrinin bir araya gəlməsi, ölkələrimiz arasında birlik və bərabərliyin nümayiş etdirilməsi hər birimizi sevindirir. Əsas önəmli olan da budur. Düşünürəm ki, burada önəmli olan medal qazanmaq deyil, dünya müsəlman ölkələrinin bir araya gəlməsidir. Ona görə də biz buraya nisbətən gənc heyətlə gəlmişik. Yəni bizim üçün medal qazanmaq o qədər də vacib deyil.

- Türkiyə idmançıları ölkəmizdə böyük hərarət və coşqu ilə qarşılanır. Sizcə, bunun səbəbi nədir?

Türkiyə və Azərbaycan tarixən bir-birinə yaxın ölkədir. Biz bir millət iki dövlətik. Başqa cür də ola bilməz. Federasiyamız Azərbaycan Güləş Federasiyası ilə sıx əməkdaşlıq edir. Hələlik böyüklərdən ibarət yığma komandalarımız arasında əməkdaşlıq mövcuddur, amma gələcəkdə hər yaş qrupu üzrə əlaqələrimiz genişləndirmək niyyətindəyik. Hər iki ölkənin güləşini daha da inkişaf etdirmək, zirvəyə qaldırmaq niyyətindəyik.


- Türkiyədə yağlı və karakucak güləşi döşək üzərində olan güləşdən çox populyardır. Xalq daha çox yağlı və karakucak güləşinə maraq göstərir. Bunun sirri nədədir?

- Yağlı və karakucak güləşi bizim milli, tarixi, həm də mədəniyyətimizi əks etdirən güləş növü olduğundan xalq da öz tarixi mədəniyyətinə soyundan irəli gələn güləş növünə sevgi göstərir. Demək olar ki, futboldan sonra ən çox azarkeşi olan idman növü milli güləş növlərimizdir.

-Federasiya prezidentliyi seçkilərində yeganə namizəd kimi ikinci dəfə yenidən seçildiniz. Həmzə Yerlikaya son anda namizədliyini geri götürdü...

-federasiya rəhbərliyinə seçkilər demokratik prinsiplər əsasında aparılır. Kim istəsə namizədliyini verə və geri götürə bilər. Prezident kim olursa olsun, əsas məqsəd Türkiyə güləşini inkişaf etdirməkdir. Düşünürəm ki, doğru yoldayıq. Xalq bizə inanır. Müqayisə üçün deyim ki, London-2012 Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazandığımız halda, Rio-2016-da 5 medala sahib olduq. Bu il Avropa çempionatında da yaxşı çıxış etdik. İnanıram ki, Tokio-2020 Olimpiadasında medalların sayı daha da artacaq. Bu, medalların əyarına da təsir göstərəcək.