Elçin İsmayılov: “Əldə olunan nəticələr qadın cüdosunda inkişafdan xəbər verir”

 

2017.05.23 18:59

“Olimpsport.az” saytı cüdo üzrə qadınlardan ibarət azərbaycan yığmasının baş məşqçisi Elçin İsmayılovun komandamızın gümüş medal alması ilə bağlı fikirlərini öyrənib.


Əvvəlcə qısa haşiyə çıxaq.
Məlumat üçün bildirək ki, cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. XX əsrin əvvəllərində cüdo Fransa, İngiltərə, Braziliya, Belçika, Hollandiya, İspaniya və s. bu kimi iri inkişaf etmiş ölkələrdə geniş yayılmağa başlayıb və tez bir zamanda geniş şöhrət qazanıb. Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradılıb.
Ölkəmizdə cüdo idman növünün yaranması 1970-ci illərə təsadüf edir. Azərbaycan Cüdo Federasiyası 1996-cı il dekabrın 29-da yaradılıb. Azərbaycan cüdosunda ən böyük nailiyyəti Nazim Hüseynov və Elnur Məmmədli qazanıblar. Nazim Hüseynov 1992-ci ildə XXV Barselona Yay Olimpiya Oyunlarının, Elnur Məmmədli isə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarının çempionu olub. İdmançılarımız Olimpiya oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmiş və ölkəmizə medallarla qayıdıblar. Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında cüdoçularımız böyük əzmkarlıq nümayiş etdirərək 5 medala sahib olublar (3 gümüş, 2 bürünc).
Ölkəmizdə qadınlar arasında cüdo idman növü o qədər də güclü inkişaf etməyib. Qadın cüdoçularımızdan Zülfiyyə Hüseynova, Kifayət Qasımova və başqalarının adlarını çəkə bilərik. Sevindirici haldır ki, IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarında qadınlardan ibarət Azərbaycan millisi gümüş medal qazanıb. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda komandamız finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadanı ikinci pillədə başa vurub. Qeyd edək ki, ölkəmizin cüdo yığması fərdi yarışlarda 14 (7 kişi, 7 qadın) idmançı ilə çıxış edib. Cüdo yarışlarının birinci günündə təmsilçilərimizdən Erdenebat Bazarragchaa (48 kq) komandamıza ilk qızıl medalı qazandırıb.Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib çıxıb. Qadın cüdoçularımız komanda hesabında da gümüş medala layiq görülüblər.
Azərbaycanın cüdoçu qadınlardan ibarət milli komandasına beynəlxalq dərəcəli idman ustası Elçin İsmayılov rəhbərlik edir. Elçin müəllim baş məşqçi postuna 2017-ci il fevralın 1-də təyin olunub.
Qadın cüdo komandamızın İslamiadada uğuru ilə bağlı Elçin İsmayılovun fikirlərini öyrəndik. Elçin müəllim bizimlə söhbətində bildirdi ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən cüdo idman növünün inkişafı istiqamətində məqsədqyönlü işlər aparılır. İdmançılarımızın yaxşı nəticə əldə etmələri üçün ölkədaxili və xarici ölkələrdə təlim-məşq toplanışları keçirilir. Baş məşqçi dedi: “Kişi və qadın cüdoçularımızın ölkəmizdə təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medal qazanmaları cüdo idman növünün inkişafından xəbər verir. Uzun müddət idi ki, qadın cüdosunda nəticələr yox idi. Bakıda keçirilən Qran-pri yarışlarında idmançımız Xanım Hüseynova bürünc medal qazandı. Sonra İslamiadada qadın komandamız 2-ci nəticə göstərdi. Əldə olunan nəticələr qadın cüdosunda inkişafdan xəbər verir. Fürsətdən istifadə edərək bizə yaradılan yüksək şəraitə görə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə, baş katib Sadıq Sadıqova və bütün əməyi keçən federasiya işçilərinə öz dərin minnətdarlığımı bildirirəm. İş gedir, sadəcə zamana ehtiyac vardır”.
Elçin müəllim onları qarşıda bir sıra beynəlxalq turnirlərin gözlədiyini də bildirdi. Baş məşqçinin sözlərinə görə, qadın cüdoçularımız əsas hazırlığı bu ilin avqust ayında Macarıstanın Budapeşt şəhərində keçiriləcək dünya çempionatına yönəldiblər. Lakin bundan əvvəl onlar iyun ayının 1-də Rumıniyanın Buxarest şəhərində təşkil ediləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.