Əjdər Cəfərov haradadır?

Məlum olduğu kimi Azərbaycan millisinin güləşçiləri bir neçə gün öncə media nümayəndələri qarşısında onlara yaradılan şəraitlə bağlı öz etirazlarını bildiriblər. Onlar aylardır maaş almadıqlarına, dünya çempionatı qabağı təlim-məşq toplanışı keçmədiklərinə, Rio Olimpiya Oyunlarının mükafatlarını almadıqlarına, hətta məşq zamanı içməyə su tapmadıqlarına görə federasiyanı günahlandırıblar. 

Doğurdan da ölkəmizin aparıcı, dayaq idman növlərindən olan güləşin belə bir vəziyyətə düşməsi bütün idman ictimaiyyətini narahat edir. Hamını bir sual maraqlandırır. Görəsən bunun səbəbkarı kimdir?

"Olimpsport.az" saytı olaraq hadisələri biz də izləyirik. Həm sosial şəbəkələrdə, həm də idman ictimaiyyətinin fikirlərinə əsasən gəldiyimiz qənaətə görə güləşdə baş verən xoşagəlməz hadisələrin səbəbkarlarından biri də Azərbaycan Güləş Federasiyasının keçmiş baş katibi Əjdər Cəfərovdur.  İctimaiyyət eks baş katibi işlədiyi dövrdə düzgün idarəçilik etmədiyini əsas gətirərək onu küllü miqdarda idmançıların, məşqçilərin, yarışlardan qazandıqları pul mükafatlarına şərik olmaqda ittiham edirlər. İctimai fikir yürüdən güləşsevərlər daha bir iddia ilə çıxış edərək, Əjdər Cəfərovu legioner idmançı və məşqçilərin qazandıqları  pulların yarı-yarıya bölüşdürmələridir.  Ona görə də Əjdər Cəfərovun millinin şərəfini legionerlərin qorumasında öz şəxsi maraqları var imış. Elə bu səbəbdən də Əjdər Cəfərov yerli güləş mütəxəssislərinə və idmançılarına çox da güvənmirmiş. Keçmiş baş katib vəzifəsindən sui istifadə edərək başqa yeyintlərdə də ittiham olunur.Əjdər Cəfərov Olimpiya güləş bazasında yığma üzvlərinin şəxsi məşqçilərinə icazə vermirdi ki, onlar öz tələbələrinin məşq prosesini izləsin.  Baş katib bunu vitse-prezident Namiq Əliyevin qadağası olduğunu əsas gətirirdi. Əjdər Cəfərov xoşu gəlmədiyi güləş mütəxəssislərini sərt şəkildə cəzalandırmaqdan da çəkinmirdi. O, məşqçi-müəllimlərin adi nizam-intizam qaydalarını pozmasını şişirdərək həmin məşqçilərin klubuna məktub göndərərək klubu pul cəriməsi ilə, məşqçini isə ciddi töhmət ilə cəzalandırırmış. Heç bir məşqçi öz vəsaiti hesabına olsa belə, onun rəyi olmadan beynəlxalq yarışlara öz şəxsi tələbələrini dəstəkləməyə gedə bilməzdi.  Bunun üçün məşqçilər federasiyaya müraciət ünvanlamalı idi. Bəzən müraciətə yox cavabı verilir,bəzən də gec cavab verildiyinə görə həmin məşqçi viza,təyyarə bileti almaqda gecikirdi. Dünya Güləş Birliyinin təqvimində olmayan adi dostluq yarışlara dəvət alan klublar öz vəsaiti hesabına həmin yarışa getmək üçün hökmən federasiyadan icazə almalıydı. Hətta klub öz daxili birinciliyini keçirmək üçün federasiyaya müraciət etməli olurmuş. Bütün bu qaydalar Əjdər Cəfərovun vaxtında qüvvəyə minib. Düzdür, belə baxanda pis qaydalar deyil. Ama baş katib problemlərə çox vaxt öz şəxsi prizmasından yanaşırdı. Yəni xoşlamadığı şəxslərə qarşı həmişə qərəzli mövqe tutub. Onu da qeyd etmək lazımdır ki, Əjdər Cəfərov güləşdən asılı olan bəzi şəxslərə süni maneələr yaradırdı. Belə olan halda həmin şəxslər baş katibin rəğbətini qazanmaq üçün sözü keçən,vəzifəli,nüfuzlu insanlardan Əjdər Cəfərova xahiş etmələrini təmin edirdilər. Bu vasitə ilə Əjdər Cəfərov özünə kifayət qədər yüksək ranqlı nüfuzlu şəxslərlə dostluq əlaqələri quraraq,gələcəkdə öz şəxsi işlərinin xahişini edirdi. Ama indi həmin çevrənin əksəriyyəti "bağda ərik var idi,Salam əleyk var idi, bağda ərik qurtardı,Salam əleyk qurtardı" məsəlinə söykənərək keçmiş baş katibdən üz döndərib. Bu da təbiidir. Yalan,haram,fırıldaq,təmanna,şantaj üstündə qurulan münasibətin sonu həmişə belə olub.Bir sözlə, rəhbərlik qarşısında yüksək etibar qazanan Əjdər Cəfərov federasiyada istədiyini edirdi.Onun yalnış idarəçiliyindən duyuq düşən federasiya rəhbərliyi vaxtında onu tutduğu vəzifəsindən uzaqlaşdırdı. Ama onun vəzifədə olduğu vaxt güləşə vurduğu həm maddi, həm də mənəvi ziyan bugünkü gün özünü göstərir. Bütün bu deyilənləri "olimpsport.az"  saytı  güləş ictimaiyyətinin fikirlərindən əsas götürüb.

Maraqlıdır ki, haqqında gedən məlumatlara heç bir reaksiya verməyən Əjdər Cəfərovdan xəbər yoxdur.  Kim bilir, bəlkə də eks baş katib gəzən söz-söhbətlərdən və məsuliyyətdən qaçmaq üçün ölkədən kənarda öz həyatını yaşamağı planlaşdırır. Hələ ola bilsin ki, onun ölkədən çıxmasına da qadağa qoyulub. 

Qeyd etmək istəyirik ki, "olimpsport.az" Əjdər Cəfərovun şəxsi həyatı haqqında geniş məlumat əldə edib. Etika xatirinə həmin məlumatları oxuculara çatdırmağı rəva bilmirik.