Şahmatçılara Vüqar Həşimovun adına təsis edilmiş mükafat veriləcək
Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata-Steel Masters” turnirinin 80-ci yubiley qarşılaşması zamanı qaliblər məşhur Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar.
Vüqar Həşimov Şahmat Akademiyasından verilən məlumata görə, turnir 12 - 28 yanvar 2018-ci ildə Hollandiyanın Veyk aan Zee şəhərində keçiriləcək. Hələ 3 il əvvəl V.Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan “Fair Play” mükafatı da ilk dəfə məhz bu şəhərdə baş tutan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib.
Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.
Qeyd edək ki, beynəlxalq qrossmeyster V.Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb, FIDE Qran Pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi olub və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biridir.
“Tata-Steel Masters” turnirinin 80-ci yubileyində keçiriləcək qarşılaşmaları bütün dünya diqqətlə izləyəcək. Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarovun da daxil olduğu qrossmeyster arasında dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan da var.