Karate yığmamız DÇ-ni 3 medalla başa vurdu
İspaniyanın Tenerife şəhərində yeniyetmə və gənclərin növbəti dünya çempionatının son günü 21 yaşadək idmançılar arasında Fəridə Əliyeva (+68 kq) bürünc medal qazanıb. Bu nəticədən sonra Azərbayan karateçiləri yarışı 16-cı pillədə başa vurublar.
Gənclərdən Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyevin (-61 kq) qazandığı gümüş medallardan əlavə, 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (-52 kq) və Rəvan Bağırov (-63 kq) təsəlliverici görüşlərdən medalsız ayrılıblar. Aşağı yaş qurupunda digər idmançımız Namiq Quliyev (-70 kq) isə bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən verib.
Beləliklə, 109 ölkədən 1710 idmançının iştirak etdiyi dünya çempionatında 45 ölkənin təmsilçiləri medalçılar sırasına düşə bilib. Ciddi maliyyə çətinlikləri yaşayan Azərbaycan Milli Karate Federasiyası, 2018-ci ildə Argentinanın paytaxtında yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran bu məsul yarışda kiçik heyətlə iştirak etməyə məcbur olub.
Maddi problemlər yarış zamanı da nəticələrə birbaşa təsir edən bir sıra çətinliklər yaradıb. Maliiyə az olduğundan 12 idmançını müşayiət edən bir məşqçi yarışdan əvvəl beynəlxalq imtahana qatıla bilmədiyindən idmançılarımız final görüşlərini baş məşqçinin müşayiəti olmadan keçiriblər. Bu məqam videotəkrarların baxılmasına imkan yaratmadığından nəticəyə olduqca mənfi təsir göstərib. Belə ki, qızıl medal qazanmağa layiq olan idmançılarımız dəfələrlə xal almaq imkanlarını sübuta yetirə bilməyiblər. Beynəlxalq hakim Cahangir Babayevin yarışları idarə etməsi ilə bağlı problem bir gün sonra həll edilib.
Bundan əlavə yarışa bir gün qalmış seçmə komandamızın səfər məsələsinin həll olunması və hava limanında yarım sutka gözləmə, yarışın keçirildiyi qonşu şəhərdə yerləşməyə məcbur qalmaq halları və digər ciddi problemlərə baxmayaraq, Azərbaycan karateçiləri dünya çempionatını 3 mükafatla başa vurublar.