Bakıda keçiriləcək DÇ ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

 19 üzvdən ibarət Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təyin edilib.

Sərəncamda bildirilir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

Qeyd edilir ki, respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və qran-pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Sərəncamda Təşkilat Komitəsinə 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirmək tapşırılıb.