Heydərov istefa verdi, millimizə yeni baş məşqçi təyin olundu - FOTO
Dekabrın 8-də AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib. İclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçi və 2-3 dekabr 2017-ci il tarixlərində keçirilən Azərbaycan Kubokunda fərqlənən idmançı heyəti iştirak edib. Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.
İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc nəsil mütəxəssislərə şans vermək istəyilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib.
AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Azərbaycan ağır atletika yığma komandalarının sabiq baş məşqçisi Tofiq Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması barədə sərəncam verib. Yeni məşqçiyə işində uğurlar arzulanıb, federasiyanın güvən və inamı qeyd olunub.
Asif Məmmədova yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət yığma komandalarda kömək edəcək böyük məşqçilərin adları barədə tezliklə məlumat veriləcəkdir.
Yeni baş məşqçi Asif Məmmədov təyinatı ilə bağlı fikirlərini ilk olaraq federasiyanın rəsmi saytı ilə bölüşüb: “Sözün düzü, bu təyinat mənim üçün çox gözlənilməz oldu. Bu, həm sevindirici, həm qürurvericidir, həm də böyük məsuliyyət deməkdir. Federasiya rəhbərliyi bu qərarla mənə böyük etimad göstərdi. Buna görə dərin minnətdarlığımı, böyük təşəkkürümü bildirirəm. O ki qaldı planlarımıza, biz hər şeyi demək olar ki, yenidən başlayırıq. Görəcəyimiz çox iş var, buna hazır olmalıyıq. Bilirsiniz ki, ağır atletikada dopinq problemi var. Əminik ki, bu çətinliyin öhdəsindən gəlmək üçün çox çalışmalı, dayanmadan işləməliyik. Federasiya olaraq dopinqə qarşı ciddi mübarizə aparırıq, biz də məşqçilər heyəti olaraq bu prosesə dəstək olacaq, məsələnin birdəfəlik həlli üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur və elə bu gündən təlim-məşq toplanışna start verərək hazırlığımızı ən yüksək səviyyəyə çatdırmağa başlayacağıq”.
Mütəxəssis dekabrın 9-29-u tarixləri arasında AAAF Park Yaşayış Kompleksindəki mərkəzi bazada yığma komandaların növbəti təlim-məşq toplanışının keçiriləcəyini, bu prosesin 2018-ci il boyu fasiləsiz davam edəcəyini bildirib.
Asif Cahan oğlu Məmmədov 9 avqust 1980-ci il tarixində İsmayıllı rayonunda anadan olub.
Ağır atletika üzrə məşqlərə İsmayıllı rayonu Uşaq-Gənclər İdman Məktəbində başlayıb. Qısa zamanda yeniyetmələr Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Uzun müddət Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandalarında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, ölkə kubokunun sahibi, beynəlxalq yarışlarının iştirakçısı olub. Ağır atletika üzrə Azərbaycan Respublikasının İdman Ustasıdır.
1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə təhsil alıb, oranı 2002-ci ildə uğurla bitirib. Daha sonra həqiqi hərbi xidmətdə olub.
2008-ci ildə idmançı karyerasını başa vuraraq İsmayıllı UGİM-də məşqçilik fəaliyyətinə başlayıb. 2010-cu ildə Azərbaycanın yeniyetmə ağır atletlərdən ibarət yığma komandasında köməkçi-məşqçi postuna gətirilib. O vaxtdan bu günə kimi yığma komandalarımızda fasiləsiz çalışıb. Yeniyetmə oğlanlardan ibarət yığma komandanın baş məşqçisi olub. 2016-cı il dekabrın 28-dən bu günə kimi yeniyetmə oğlanlardan ibarət yığma komandanın böyük məşqçisi kimi çalışıb.
Ağır atletika üzrə 1-ci dərəcəli məşqçisidir. Şəxsi tələbəsi Məhəmməd Məmmədli 2013-cü il yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı, 2017-ci il gənclər arasında Avropa çempionatında təkanla qaldırma hərəkətində bürünc medalçısı, bir çox digər beynəlxalq turnirlərin iştirakçısı, Respublika çempionatının və kuboku uğrunda yarışların qalibidir. Yığmada çalışdığı vaxtlarda Asif Məmmədovun yetirmələri Avropa çempionluqları yaşayıb, rekordlar yeniləyib, çox sayda medallar qazanıb. Ən uğurlu ili isə məhz 2017-ci il olub. Bu il Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində rəhbərlik etdiyi yığma komandamız ümumi sıralamada yüksək 9-cu yeri tutub və 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına bir lisenziya qazanıb. Bununla yanaşı, sentyabrda Kosovonun paytaxtı Priştina şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində onun rəhbərlik etdiyi komanda, 15 yaşlı yeniyetmə atletlərin mübarizəsində xal hesabında ikinci, medal sayına görə isə 1-ci yeri tutub.