Məmmədyarov növbəti qələbə ilə vahid lider oldu
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə Tata Steel Chess superturnirində 6-ci tura yekun vurulub.
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.
Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək, təslim olub Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, yanvarın 20-u keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.