Rio-2016: Təhmasibi və Şəriətinin bürünc şansları davam edir

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarının ikinci günündə daha 2 dəst medal öz sahibini tapacaq. Olimpsport.az saytının məlumatına görə, yunan-Roma güləşçiləri 85 kq və 130 kq çəki dərəcələrində çempionu müəyyənləşdirəcəklər.

 

İlk gündə mükafata həsrət qalan yığmamız bu gün hər 2 çəki dərəcəsində təmsil olunacaq. Yığmamızın himnini iranlı legionerlər - Saman Təhmasibi və Sabah Şəriəti səsləndirməyə çalışacaq. Onlar medal qazanacaqları halda həmyerliləri olan baş məşqçi Çəmşid Xeyrabadini də sığortalamış olacaqlar.

 



Yunan-Roma güləşi

85 kq

Təhmasibi mübarizəyə 1/16 finaldan başlayıb. Bakı vaxtı ilə saat 17:00-da xalçaya çıxan legionerimiz Rusiyanı təmsil edən gürcü əsilli Davit Çakvetadze qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə keçib. İlk hissədən təşəbbüsə yiyələnən və 3 xal qazanan rusiyalı sona kimi üstünlüyünü qoruyub. Saman isə məğlubiyyətdən qaça bilməyib. Nəticədə pəhləvanımız qızıl medal şansını itirib. Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılacaq.

 

İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olacaq. Bu mübarizə saat 23:05-də start götürəcək. 

 

130 kq

Komanda yoldaşından fərqli, Sabah Şəriəti Rioda 1/8 finalda debüt edib. Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə özünə gəlməyi bacarıb. Nəticədə 8:2 hesabı ilə qalib gələn Şəriəti 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olub. Güclü Kayaalp qarşısında heç nə edə bilməyən Şəriəti 0:5 hesablı məğlubiyyətə düçar olub. Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli güləşçi finala adladığı üçün Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılacaq.

 

O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparacaq. Görüş saat 23:45-də başlayacaq.

 

Qeyd edək ki, ilk gündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. Bu növ üzrə millimizdə sabah Rəsul Çunayev (66 kq) mübarizəyə qoşulacaq.