Saman Təhmasibi Olimpiadanı əliboş tərk elədi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi ilk təsəlliverici görüşə çıxıb.
 
Olimpsport.az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi həmyerlisi Həbibulla Axlaği olub.
 
Görüşün ilk hissəsində tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissənin əvvəlində Axlaği bir xal əldə edib. Təhmasibi tezliklə bərabərliyi təmin etsə də, iranlı güləşçi yenidən 2 xal alaraq, önə keçib. Bu dəfə Azərbaycan pəhləvanı fərqi 1-ə endirib. Amma qalan müddətdə onun səyləri nəticə verməyib. Beləliklə, Təhmasibi olimpiadanı medalsız tamamlayıb.