Maykl Felbs sonuncu qızıl medalla karyerasını bitirir

Amerikalı üzgüçü Maykl Felbs Rio de Janeyroda Yay Olimpiya Oyunlarında 23-cü Olimpiya qızılını qazanıb. Olimsport.az xəbər verir ki, Rio Olimpiadasında 5-ci qızıl medalı alan Felbs bununla karyerasına son qoyacağını deyib. Felbs Olimpiadalar tarixində ən çox medal alan idmançıdır.

Felbs brass üsulu ilə 4 dəfə 100 metrlik məsafəyə estafet yarışlarında Amerika komandasına qızıl medal qazandırdı.

Amerikanın üzgüçülük komandasının ulduzu olan Maykl Felbs bunun karyerasında son medal olacağı mövzusu ilə bağlı açıqlamalar verib. O, karyerasını məhz bu şəkildə-ölkəsini təmsil edərək bitirmək istədiyini deyib.
İdmançı 3 aylıq oğlu və nişanlısı ilə daha çox vaxt keçirmək istədiyini və Olimpiadanın bitməsindən sonra nişanlısı Nikol Consonla evlənmək planları olduğunu bildirib.

2012-ci ildə London Olimpiadasından sonra idmanı tərk edəcəyini deməsinə baxmayaraq, Maykl Felbs bir il sonra yenidən böyük idmana qayıtmaq qərarı vermişdi.

Lakin Londondan Rio de Janyeroya gedən yolda Felbs çətinliklərlə də qarşılaşıb, içkili olduğuna görə həbs edilib, ailəsində bir sıra problemlər yaşanıb. Amma böyük idmançı bu uğursuzuqları həyatında dönüş nöqtəsi kimi dəyərləndirə və Rio Olimpiadasının zirvəsinə yüksələ bilmişdir.

2016-cı il Olimpiadası Maykl Felbs üçün əvvəlki yarışlardan daha fərqli şəraitdə keçib. Şərhçilər artıq ata olmuş və dünyanın ən yüksək titullarını daşıyan idmançının Rio Oyunlarında daha az gərgin göründüyünü və yarışlardan böyük zövq aldığını qeyd edirlər.

Maykl Felbsin üzgüçülük idmanında erası bununla bitir. Onun böyük idmanda irsindən danışan müşahidəçilər, Flebsin dünyanın bir sıra ölkələrində gənc idmançılar üçün böyük ilham mənbəyi olduğunu qeyd edirlər. İdman şərhçilərinin sözlərinə görə, Felbs üzgüçülük idmanını dəyişdirmiş, onu zənginləşdirmişdir.

Rio de Janeyroda Amerika Olimpiya yığması Yay Olimpya Oyunlarında 1000-ci qızıl medalını qazanıb.