Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib

Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda bütün yaş kateqoriyalarında idmançılar iştirak ediblər.

"Olimpsport" AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, təşkil edilən çempionatın birinci günündə idmançılar QİT (yerindən), ikinci günündə fərdi ötüşmə, üçüncü günündə isə çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər arasında QİT-1 km (yerindən) yarışında Nofəl Nuriyev (MSN, 01.14.12), 3 km məsafəyə fərdi ötüşmə növündə Samir Cəbrayılov (ROEQİUGVM, 03.46.76), çıxmaqla qrup ötüşməsində isə Kamran Mirzəxanov (Sərhədçi, 10.04.90) birinci yerə layiq görülüblər.

Gənc oğlanların mübarizəsində QİT-1 km (yerindən) yarışı, 3 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Tural İsrafilov (ROEQİUGVM, 01.13.21 / 03.47.94 / 10.04.90) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə oğlanlar arasında QİT-500 m (yerindən) yarışı, 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Ravi Rzayev (ROEQİUGVM, 37.38 / 02.43.38 / 18.07.16) hamıdan üstün olaraq qızıl medal qazanıb.

Qadınlar arasında isə QİT-500 m (yerindən) yarışında Məryəm Əfqanzadə (ROEQİUGVM, 43.63), 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Radha Şabanova (ROEQİUGVM, 03.01.89 / 06.16.52) bütün rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.