AzMiu-da "2 Fevral Gənclər Günü" qeyd olunub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində "2 Fevral Gənclər Günü" münasibətilə tədbir keçirilib.

"Olimpsport" xəbər verir ki, tədbirdə Universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə yanaşı təhsil müəssisəsinin rəhbər heyəti və tələbə gənclər iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun 1 dəqiqəlik sükutu və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

Rektor Gülçöhrə Məmmədova gənclər gününün əhəmiyyətində bəhs edib. O, xüsusilə dövlətimizin gənclər siyasətinə böyük önəm verdiyini və bu siyasətin uğurla nəticə verməsini dilə gətirib. Gülçöhrə xanım gənclərin inkişaf etməsində idmanın xüsusi rolu olduğunu da vurğulayıb. O, bunun üçün tələbə gəncləri asudə vaxtlarının səmərəli keçirmələri üçün idmanla məşğul olmağı tövsiyə edib.

Daha sonra söz verilən fəal tələbələr keyfiyyətli tədrislə bərabər onların ictimai həyatlarında inkişafına təkan və dəstək verdiyinə görə habelə Universitetdə onlara yaradılan şəraitə görə Gülçöhrə xanım başda olmaqla Universitet rəhbərliyinə təşəkkür ediblər.

 Tədbirdə Universitetin nümunəvi idmançıları sertifikatlarla mükafatlanıblar.