Nicat Abasov bu gün ABŞ şahmatçısı ilə görüşəcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

"Olimpsport" xəbər verir ki, 28 yaşlı qrossmeyster III turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk iki turda hər iki qrossmeyster bir heç-heçə, bir məğlubiyyətlə yadda qalıb.

Bu gün həmçinin Əlireza Firuzca (Fransa) – Fabiano Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan) - Yan Nepomnyaşi (FIDE) və Santoş Vidit (Hindistan) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri baş tutacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.