Nicat Abasov hindistanlı şahmatçıya qalib gələ bilməyib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

"Olimpsport" xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb.

Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.

Digər oyunlara gəlincə, Əlireza Firuzca (Fransa) Dommaracu Qukeşə (Hindistan) qalib gəlib. Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri isə heç-heçə bitib.

Yeddi turdan sonra 4,5 xal toplayan Nepomnyaşi vahid liderdir. Rusiyalını 4 xalla Karuana, Qukeş və Praqnanandha izləyirlər. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar. Firuzca 2,5 xalla yeddinci, Abasov isə 2 xalla sonuncudur.

Səkkizinci turda N.Abasov Nepomnyaşi ilə qarşılaşacaq.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.