"Qarabağ" və "Zirə" ikinci dəfə finalda qarşılaşacaqlar

Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər.

"Olimpsport" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür.

İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.

Qeyd edək ki, "Zirə" və "Qarabağ" 2021/2022 mövsümündə də finalda qarşılaşıblar. 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında daha dəqiq oynayan Ağdam təmsilçisi titula sahib çıxıb - 4:3.