Cüdo yığmamız dünya çempionatında 5-ci yeri tutub
Komandalarası yarışda üçüncü yer uğrunda mübarizədə Rusiya yığması ilə qarşılaşan Azərbaycan millisinin üzvü Zelim Kotsoyev (100 kiloqramadək) rəqibi üzərində ipponla inamlı qələbə qazansa da, digər idmançılarımız üstünlük əldə edə bilməyiblər – 1:4. Bununla da yığmamız dünya çempionatını beşinci yerdə başa vurub.
Komandamızın dünya çempionatındakı çıxışı barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən yığmamızın məşqçisi Elxan Məmmədov bildirib: “İndiyədək keçirilən dünya çempionatları ilə müqayisədə Tokio mundialında daha çox ölkənin idmançıları mübarizə aparırdılar. Bildiyiniz kimi, ilk dəfə idi ki, yarışlarda 148 ölkə təmsil olunurdu. Buna baxmayaraq, komandamız yaxşı nəticə göstərdi.
Azərbaycan bu çempionatda həm kişilərdən, həm də qadınlardan ibarət komandalarla təmsil olundu. Belə böyük çempionatda idmançılarımız bir gümüş və bir bürünc medalla kişilərin yarışında yeddinci yerə sahib oldular. Bu gün keçirilən komanda yarışında isə millimiz Portuqaliya və Koreya Respublikası kimi güclü yığmalara qalib gələrək beşinci oldu. Düşünürəm ki, bu, böyük uğurdur. Bu münasibətlə dövlətimizin başçısını, federasiya rəhbərliyini, komandamızı və bütün idmansevərləri təbrik edirəm”.
Cüdo üzrə Azərbaycan yığmasının 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ciddi hazırlaşdığını qeyd edən E.Məmmədov deyib: “Bildiyiniz kimi, qarşıdan Yay Olimpiya Oyunları gəlir. Hazırda komandamızda 60 və 81 kiloqram çəki dərəcələrində lisenziya problemi var. Amma çalışacağıq ki, Tokio Olimpiya Oyunlarınadək bu problemi aradan qaldıraq və yarışlara tam heyətlə qatılaq. Azərbaycan bayrağını daim yüksəklərə qaldırmaq istəyirik”.