"Bu qələbə həm də 44 günlük vətən müharibəsi qələbəsinin idmandakı davamı idi"

1-ci hissə

Daha bir qitə çempionatı başa çatdı. Millimiz komanda hesabında 4-cü oldu. Söhbət sərbəst güləşçilərimizin qatıldığı Avropa çempionatından gedir. Bu dəfəki tsikl heyət baxımından daha gənc və yerli güləş məktəblərimizin yetirmələrinin olması ilə fərqləndi. Əvvəlcədən bu heyətin təyin olunmasında əməyi olan insanlara çox sağol demək lazımdır. Ona görə ki, belə bir mötəbər yarışlarda öz yerli idmançılarımızı görmək güləş sevərlərimizin çoxdankı arzusu idi. Eyni zamanda gənclərə də şans verilməsi təqdirdə layiq addımdır. Görünür, federasiya və yığmanın məşqçi heyəti də ictimai qınağı nəzərə alıb və yavaş-yavaş daha çox yerli idmançılarımıza şans verməyə başlayıb. Amma ümid edirik ki, bu jest elə onların milli təəssübündən, bacarıqlarından və ədalətli qərarlarından irəli gəlib. İctimai qınaqla, tənqidlə və azarkeş arzusu ilə barışmaq əslində, özü də bir peşəkarlıq nümunəsidir. Hər iki halda bu addıma görə Azərbaycan Güləş Federasiyasına və millinin məşqçi heyətinə təşəkkür etmək lazımdır.

Yarışa gəldikdə isə, bu çempionat olimpiada qabağı nisbətən kölgə altına düşmüşdü. Hamı bilir ki, bu il bütün diqqətlər Tokio Olimpiya Oyunlarına yönəldiyindən Avropa çempionatının əhəmiyyəti ikinci plana keçmişdi. Amma buna baxmayaraq reytinq və ikinci heyəti sınaqdan keçirmək baxımından çempionat öz əhəmiyyətini özündə saxlayırdı. Yeri gəlmişkən, çempionatda Tokio Oyunlarında iştirak edəcək başqa ölkələrin tanınmış üzvləri də yarışırdı. Türkiyəli Olimpiya çempionu Taha Akgülü, Gürcüstandan dünya çempionu Petriaşvilini, İtaliya millisinin üzvü, dünya çempionu Camizonu və s. kimi pəhləvanları buna misal çəkmək olardı. Yəqin ki, bu güləşçilər Olimpiya Oyunları qabağı taktiki planlarını sınaqdan keçirməklə yanaşı, fərdi nailiyyətlərini də artırmaq üçün yarışa qatılmışdılar. Amma ümumi götürəndə demək olar ki, bütün millilər əsasən yarışa ikinci heyətlə qatılmışdılar. Nəticə etibarilə çempionatı sərbəst güləşçilərimiz üçün qənaətbəxş hesab etmək olar.

Cəsarətlə deyərdim ki, "Vətən müharibəsi" iştirakçısı olmuş Əfqan Xaşalovun (57 kq) yarışda bürünc medal qazanması millimizin ən böyük uğuru oldu. Ona görə ki, səngərdən, müharibədən çıxıb, bir neçə ay sonra qitə arenasında medal qazanmaq asan məsələ deyildi. Bu qələbə həm də 44 günlük vətən müharibəsi qələbəsinin idmandakı davamı idi. Xatırlayırsınızsa, keçən ay başa çatan lisenziya turniri ilə bağlı apardığım təhlildə 57 kq çəki dərəcəsində mübarizə aparan Bazarqanovu Tokioyaya lisenziya qazana bilməməsinə görə tənqid edərək, Əfqan Xaşalov kimi güləşçilərimizin milliylə yanaşı bu vətənə daha çox fayda verdiyini qeyd etmişdim. Çox keçmədi ki, Əfqan Xaşalov təhlilimin həqiqət olduğunu öz nəticəsi ilə reallığa çevirdi.

 

Ramin Allahverdiyev

Yazının 1-ci hissəsinin ardı var....