Şərif Şərifov bürünc medal sayımızı artırdı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə start verib.

 

86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov və 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov qüvvəsini sınayıb.

 

86 kq Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. 

İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.

 

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə qarşılaşıb. Polşalı güləşçi də həmyerlimizə ciddi müqavimət göstərə bilməyib. Nəticədə görüşü 7:0 hesablı üstünlüklə tamamlayan Şərifov adını yarımfinala yazdırıb.

 

Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirib.

Onun mükafatlar uğrundakı sonuncu rəqibi venesuelalı Pedro Francisco Ceballos Fuentes olub. İlk hissədə rəqibini minimal fərqlə üstələyən Şərif ikinci hissədə fəallaşaraq fərqi artırıb və 5:1 hesabı ilə qalib gələrək bürünc mükafata sahib çıxıb.