UEFA Avropa Liqasının finalçıları məlum olub

UEFA Avropa Liqasının yarımfinalının ikinci matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Roma" komandaları qarşılaşıblar.

"Olimpsport" xəbər verir ki, komandalar Almaniyanın Leverkuzen şəhərindəki "Bay Arena" stadionunda oynayıblar. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Bayer 04" 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün yekununa görə Leverkuzen təmsilçisi Avropa Liqasının finalına çıxıb.

"Atalanta" isə İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci qarşılaşmada 1:1 hesabı qeydə alındığı üçün Berqamo təmsilçisi adını finala yazdırıb.

Beləliklə, "Atalanta" və "Bayer 04" Avropa Liqasının 2023/2024 mövsümünün finalında oynayacaq. Həlledici görüş mayın 22-də İrlandiyanın Dublin şəhərində keçiriləcək. Matç "Aviva" stadionunda baş tutacaq.