Azərbaycan güləşçisinin uğursuz çıxışına zədə səbəb olub

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) zədə səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğursuz çıxış edib.

"Olimpsport" xəbər verir ki, bu barədə 27 yaşlı idmançı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

O, bildirib ki, yarışa beş gün qalmış belinin yuxarı hissəsindəki T9 və T10 diskindəki 4 mm yırtıqda kəskin ağrı olub: “Heç məşq də edə bilmədim. Hər gün ağrılar olur. L4, L5 və S1 disklərdə sürüşmə və yırtıq var. Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ ki, Buxarestdəyəm deyə müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm. Sol çiynim və sol dizimdə də ağrılar var. Belimdəki zədə sağalası vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə, ağrıları müalicə yolu ilə azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam”.

Qeyd edək ki, Sənan Süleymanov qitə birinciliyində keçirdiyi ilk görüşdə İdris İbayevə (Almaniya) 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda Antonio Kamenyaseviçə (Xorvatiya) məğlub olub - 1:3.