Dövlət qurumlarının əməkdaşları arasında bilyard yarışına start verilib

Dövlət qurumlarının əməkdaşları arasında bilyard idman növü üzrə yarışa start verilib.

"Olimpsport" xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət qurumları arasında ilk dəfə bu cür turnirin keçirildiyini deyən Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov yarışın ənənəvi hal alacağını bildirib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov yarışda 28 dövlət qurumundan ümumilikdə 63 nəfərin yarışda iştirak etdiyini söyləyib.

Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bilyard şarına rəmzi toxunuş etdikdən sonra yarış başlayıb.

Qeyd edək ki, "Sərbəst Piramida” (kişilər arasında) və “Pool-8” (qadınlar arasında) intizamları üzrə keçirilən yarış iki gün davam edəcək. Birinci günün nəticələrinə görə növbəti mərhələyə adlayan şəxslər fevralın 18-də yarımfinal və final mərhələsində mübarizə aparacaqlar.

İlk üç yeri tutan komandaların oyunçuları Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla təltif olunacaq, qaliblərə hədiyyələr təqdim ediləcək. Finala keçə bilməyən yarımfinalçılar isə bürünc medallarla mükafatlandırılacaqlar.