Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.

"Olimpsport" xəbər verir ki, tədbir Azərbaycan Şahmat Federasiyasının (AŞF) inzibati binasında baş tutub.

7 turdan ibarət yarışda 5,5 xalla ilk dəfə ölkə çempionu olan Ayan Allahverdiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nərmin Abdinova ikinci, Səbinə İbrahimova üçüncü yeri tutublar. Onlara medal və diplom təqdim olunub. Ləman Hacıyeva ilə Səbinə İbrahimova isə müvafiq olaraq 4-5-ci pillələrin sahibi kimi mükafatlandırılıblar.

Şahmatçılara mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, 1-ci vitse-prezidenti Faiq Həsənov veriblər.

Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edib. Qalib şahmatçı 6 min manat əldə edib. Qalan məbləğ ilk "beşlik"də qərarlaşan digər şahmatçılar arasında müvafiq qaydada bölüşdürülüb.

Qeyd edək ki, Ayan Allahverdiyeva və Nərmin Abdinova şəxsi Avropa çempionatında iştirak edəcəklər.