AFFA “Zirə” klubuna xəbərdarlıq edib

AFFA azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edib.

"Olimpsport" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində rəqib komandanın azarkeşlərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.

V turun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.

“Şamaxı” – “Neftçi” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.

AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna V turun “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olması səbəb olub.