14-cü “dubl” “Qarabağ”dan gəldi

Avrokuboklar tarixində 14-cü dəfə Azərbaycan klubu eyni rəqibi mövsümün hər iki oyununda məğlub edib. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, bu “dubl”un müəllifi “Qarabağ” olub.

 

Ağdam təmsilçisi Avropa Liqasının qrupunda Yunanıstan PAOK-una aman verməyib – 2:0, 1:0. Əvvəlki 13 belə nəticə təsnifat mərhələlərinə təsadüf edibsə, ilk dəfə əsas raundda eyni rəqib iki dəfə məğlub edilib.

 

8-ci dəfə təmsilçimiz qol buraxmadan iki dəfə qalib gəlib.

 

İlk belə uğur 2004/05 mövsümünə təsadüf edib. Düzdü, “Xəzər Universiteti”nin İntertoto kubokunda qeydə alınan bu ilki texniki nəticə sayəsində mümkün olub. Lakin istənilən halda bu qələbə reytinqə də, balansa da uğur kimi daxil olub.

 

14 “dubl”un yarıdan çoxu – 8-i “Qarabağ”ın hesabındadı. “İnter” 3, “Neftçi”, “Karvan” və “Qəbələ” bir dəfə rəqibinə şans verməyib.

 

Klublarımızın eyni rəqibi iki dəfə məğlub etdiyi cütlər

2004/05. “Kazino Breqents” (Avstriya) – “Xəzər Universiteti” - -:+, 1:2
2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2006/07. “Karvan” – “Spartak” (Slovakiya) – 1:0, 1:0
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2012/13. “Trans” (Estoniya) – “İnter” – 0:5, 0:2
2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1
2013/14. “Qarabağ” – “Gefle” (İsveç) – 1:0, 2:0 

2014/15. “Tiraspol” (Moldova) – “İnter” – 2:3, 1:3

2014/15. “Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4

2015/16. “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” – 0:1, 0:3

2016/17. MTK (Macarıstan) – “Qəbələ” – 1:2, 0:2

2016/17. “Qarabağ” - PAOK (Yunanıstan) – 2:0, 1:0