“Fiorentina” hansı heyətlə gəlirsə-gəlsin, fərqi yoxdu” - Muarem Muarem

Avropa Liqasının qrup mərhələsində PAOK-u ardıcıl ikinci oyunda da məğlub edən və 1/16 finala yüksəlmək şansını artıran “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem apasport.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Çətin səfər oyunu haqda nə deyə bilərsiz?

- Gərginlik var idi, matçın çətin keçəcəyini bilirdik. PAOK Bakıda da pis çıxış etməmişdi, güclü rəqib olduqlarını göstərmişdilər. Biz də yaratdığımız epizodları qola çevirdik. Səfərdəki oyuna da həm fiziki, həm də psixoloji baxımdan yaxşı hazırlaşmışdıq. Qarşılaşmadan əvvəl gərginlik var idi, çünki vacib oyuna çıxırdıq. Aktivimizdə 7 xal var və turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışıq. İndidən necə olacağını demək çətindi, qarşıda 2 tur var.

 

- Əsasən PAOK-un azarkeşlərinin təzyiq edəcəyi deyilirdi. Oyun zamanı onların təzyiqini hiss etdinizmi?

- Hiss etmədik. Azarkeşləri yaxşı atmosfer yaratmışdılar. Əgər oyuna konsentrasiya olursansa, istəyir stadiona 100 min azarkeş toplaşsın, onların səsini eşitməyə bilərsən. Çünki diqqətin oyundadı, tribunadan deyilən sözdə yox. Oyuna yaxşı kökləndiyimizdən, yaratdığımız epizodlardan birini qola çevirdik.

 

- Birinci hissədə qol vurmaqdan çox, buraxmamağa çalışırdız…

- Bəzi oyunlar var ki, orda vacib olan qol buraxmamaqdı. Biz 1 xal qazansaydıq belə, pis nəticə olmayacaqdı. Elə oyun olur ki, müdafiədə diqqətli çıxış edirsən və cəmi 1-2 epizod yaradıb qol vurursan. Nəticədə lazım olan qələbəni əldə edirsən.

 

- Sosial şəbəkələri izləmisinizsə, görəcəksiniz ki, əksəriyyət 1/16 final haqda danışır. Siz nə düşünürsüz?

- Hələ 2 oyunumuz var. Komandada heç kim bu haqda düşünmür. Hər iki görüşü uğurla başa vurmalıyıq. Bu oyunlarda hər şey ola bilər. Biz PAOK-a necə qalib gəlmişiksə, “Slovan”da hər iki görüşdə onları yenə və qrupdan çıxmağı bacara bilər. Tələsmək lazım deyil.

 

- Təqvim elədi ki, “Slovan”la səfərdə oynadıqdan sonra Bakıda “Fiorentina”nı qəbul edəcəksiz. Çox güman ki, italyanlar ona qədər mərhələ adlamağı təmin edib bura ehtiyat heyətlə gələcəklər…

- Bizə “Slovan”ı məğlub etmək lazımdı. “Fiorentina” ilə oyun sonra olacaq. Hər şey bizdən asılıdı. “Fiorentina” hansı heyətlə gəlirsə-gəlsin, fərqi yoxdu. Bu matçla bağlı danışmaq tezdi. İndiyə qədər necə oynamışıqsa, onlara qarşı da eyni cür çıxış edəcəyik.

 

- “Slovan”ın cəmi 1 xalı var, onu da “Qarabağ”la oyunda qazanıb. Həmin matçda itirilən 2 xala görə təəssüflənirsizmi və cavab oyununda revanş haqda düşünürsüzmü?

- Biz birinci oyunda yenildiyimiz rəqiblə ikinci duelə heç vaxt revanş arzusu ilə çıxmamışıq. Bu cür yanaşsaq, yenə uduza və ya xallar itirə bilərik. Oyuna hələ çox var. Yaxşı dincəlməliyik. Amma əmin olun ki, meydana revanş düşüncəsi kimi çıxmayacağıq.

 

- 1/16 final haqda danışmağa niyə tələsməyək?

- Əslində, qrup oyunlarına başlamazdan öncə də bu haqda düşünürdük. İndi düşüncəmiz dəyişməyib. Azarkeşlərin gözündə belə görünməyimizə sevinirik. Hər zaman bu cür olmalıdı. Lakin addım-addım ora yaxınlaşmalıyıq. Son oyunlarda komandada hər şey yaxşıya doğru gedir. Əvvəlki səhvlərimizi təkrarlamırıq. Vacib olan da budu.

 

- “Qəbələ” üçün avrokubok macərası, demək olar ki, bitdi və onlar bütün güclərini çempionata yönəldəcəklər. Sizin isə iki “cəbhə”də yarışmaq şansınız yüksəkdi. Rəqibinizdən geri qalmaq ehtimalı nə qədərdi?

- “Qəbələ” çempionata yaxşı başlayıb.  Onlar bu tempi sona qədər davam etdirə biləcəklərmi, bunu deyə bilmərəm. Görünən odu ki, çempionluq uğrunda əsas mübarizə “Qəbələ” ilə bizim aramızda gedəcək.

 

- Deməli, Premyer Liqada əsas rəqibiniz “Qəbələ”di…

- Bunu əminliklə demək olmur. Çünki istənilən komanda rəqibini yenmək gücündədi. “İnter”i də yaddan çıxarmaq olmaz, onların da yaxşı heyətləri var. Bizə ən yaxın olan bu iki komandadı.

 

- Avrokubok oyunlarından sonra Premyer Liqa matçlarına konsentrasiya olmaq çətin deyil?

- Keyfiyyət baxımından fərq var. Ancaq düşüncəmizdə bunu seçməməliyik. O da futboldu, bu da. Uğur qazanmaq üçün hər iki “cəbhə”də eyni şəkildə oynamalıyıq. Buna görə də, hələ problem yaşamırıq.