“Rəhbərliyin etimadını doğrultmağa çalışacağıq” - Firdovsi Umudov

“Rəhbərliyin etimadını doğrultmağa çalışacağıq”.

Olimpsport.az xəbər verir ki, bunu sərbəst güləş üzrə yığma komanday baş məşqçi əvəzi təyin olunmuş Firdovsi Umudov AzNews.az-a açıqlamasında deyib: “Federasiya rəhbərliyinin qərarıdır, biz də çalışırıq bu etimadı doğruldaq. Gənclərə diqqət ayrılacaq. Bölgələrə gedib onların məşq səviyyəsinə baxıb hansı səviyyədə məşq keçdiklərinə nəzarət edəcəyik. Bölgələrdə idmançılarla söhbətlər aparılacaq. Baş məşqçi kimi mənim də öz planlarım var. Federasiya rəhbərliyi ilə birlikdə çalışıb, gələcəkdə icra edəcəyik. Hələ ki, etimad göstərilib, nə vaxta qədər bu postda olacağıq, qismət. Bu, federasiyanın əmridir, amma əmrdə müddət göstərilməyib. Nə vaxta kimi olduğunu da gələcək göstərər”.

Yeni baş məşqçi dəyişikliyə əsas kimi Rio olimpiadasında qızılın olmamasının səbəb göstərilməsinə də münasibət bildirib: “Xeyr... Federasiyanın rəhbərliyi belə qərar verib. Bu qərarla da hər birimiz razılaşmalıyıq. Bizə olan etimadı doğrultmalıyıq. Komanda ilə birlikdə işimizi düzgün qurub gələcəkdə daha böyük uğurlar qazanmalıyıq”.

F.Umudov gələcək planları haqqında da qısa məlumat verib: “Öncə də dediyim kimi, kiçik yaş qruplarına nəzarət edəcəyik, bölgələrdəki uşaqların güləşini diqqətdə saxlayacağıq. Sözsüz ki, rəhbərliklə birlikdə ölçü götürüləcəkdir. Yeni nəfəslər, yeni olimpiyaçılar üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizə olan etimad nə vaxta qədərdirsə, bu müddət ərzində özümüzü doğrultmağa çalışacağıq”.

Qeyd edək ki, güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib. Yunan-Roma üzrə güləş komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi istefaya göndərilib. Bu posta müvəqqəti olaraq Akif Əliyev təyin edilib. Sərbəst güləş üzrə yığmamızdan Saypulla Absaidov isə gənclərin böyük məşqçisi təyin edilib. Onu əsas yığmada Firdovsi Umudov əvəzləyib.

Qərara əsasən, yalnız qadınlardan ibarət komandamızın baş məşqçisi Semyon Şterevlə müqavilə uzadılıb.

Xatırladaq ki, Firdovsi Umudov 2005-ci ildən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında çalışır. 2009, 2012, 2015– ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın “ən yaxşı məşqçi”si adına layiq görülüb.

Firdovsi Umudov "Şöhrət" Ordeni (2012), "Tərəqqi" Medalı (2016), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015) ilə təltif olunub.

Həmçinin F.Umudova keçən il polkovnik-leytenant rütbəsi verililib.