"İstəyirik ki, bizə qarşı da belə davransınlar" - Zaur Svanadze

Topaz Premyer Liqasının XI turunda səfərdə “Neftçi”yə məğlub olan (1:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

“Normal oynadıq, ancaq ikinci hissədə bilmədim hakim niyə belə qərar verdi? Videotəkrara baxmaq lazımdı. Uşaqlar deyir ki, penalti yox idi. Qərarı da əsas hakim yox, köməkçi hakimlərdən biri verdi. Anlaşılmaz qərar idi. Hakimlər barədə bu günə qədər danışmamışdım. Hamıya qarşı feyr-pley nümayiş etdirmişik. İstəyirik ki, bizə qarşı da belə davransınlar. Səhvlərimiz üzərində işləyəcəyik”.

 

- Rəşad Qasımov prezident postundan getdikdən sonra komanda ilk məğlubiyyətini aldı. Bunu Rəşad bəyin komandadan getməsiylə bağlamaq olar?

- Təsir etmədi. Düzü, biz məğlubiyyətə layiq deyildik.

 

- “Neftçi” yaxşı günlərini yaşamır. Demək olar, komanda oyuna rahat çıxmışdı?

- Bu gün bizdə çatışmayan Rauf Əliyev idi. Ümid edirən ki, ayın 20-nə kimi tam hazır olacaq.

 

- Skarlatake son oyunlarda şans qazanmır. Bu nə ilə bağlıdı?

- O, hələ ki, hazır deyil. Komanda yaxşı oynayanda, heyətdə dəyişiklik etmirsən. Hər bir futbolçunu diqqətdə saxlayırıq. Skarlatakeyə də şans verəcəyik.