"Onu komanda seçib" - Elxan Abdullayev

Ölkə çempionatının XI turu çərçivəsində “İnter”i qəbul edən “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra keçirilən mətbuat konfransında Elxan Abdullayev bunları deyib: “Oyun çox gərgin keçdi. Komandamın çıxışından razı qaldım. Bu gün bizə 3 xal hava-su kimi lazım idi. Uşaqları təbrik edirəm. Bu gün yerli oyunçulara üstünlük vermişdik. Onlar da özlərini doğrultdular”.

 

- Komandaya yeni gətiriləcək futbolçuların siyahısında Adrian Pit də varmı? Onu bu gün tribunada gördük...

- Xeyr, Pit bizim maraq dairəmizdə deyil.

 

- Bu oyuna 4 müdafiəçi ilə çıxdınız. Belə demək olar ki, “İnter”in hücum xəttini zəif sayırsız?

- 4-1-4-1 taktiki sxemdə başladıq. Amma bir dayaq yarımmüdafiəçisi ilə oynamaq çətindi. “Qarabağ”a qarşı bu cür oynaya bilməzdik. “İnter” də güclü rəqibdi. Bütün taktiki sxemləri nəzərdən keçiririk.

 

- “Neftçi” azarkeşləri Rəhman Hacıyev və Araz Abdullayevə qarşı təzyiq göstərirdilər, Mahir Şükürova isə dəstək olurdular. Kapitan sarğısını Mahirə verməyi düşünmürsüz?

- Mən komandaya gələndə kapitan Araz idi. Onu komanda seçib. Mənim nə haqqım var ki, sarğını ondan alım? Kapitan odusa, deməli, komanda ona inanır.

 

- Elşən Abdullayev zədəsini nə vaxt sağaldıb, sıraya dönəcək?

- Almaniyada əməliyyat keçirmişdi, burda bərpa olunurdu. Bir ara komanda ilə məşqə başlamışdı, amma ağrı hiss etdiyindən, sıraya dönə bilmədi. Nə vaxt qayıdacağı dəqiq bilinmir. Yəqin ki, Elşəni qışa kimi görməyəcəyik.

 

- “Neftçi”nin özünə gəldiyini demək olarmı?

- İnam gəlib. Bu, futbolda çox önəmlidi. Biz düz istiqamət seçmişik, necə olacağını isə heç kim əvvəldən deyə bilməz.

 

- Bu yaxınlarda komandadan bir neçə legioner əvəzedici heyətə göndərildi. Məhz bundan sonra “Neftçi” qalib gəldi. Bu qərarı daha əvvəl qəbul etmədiyiniz üçün peşman deyilsiz ki?

- Mən onlara şans verməsəydim, özümü qınayardım. Obyektiv olmaq lazımdı. Mən komandaya təzə gəlmişəm. Legioneri ilk gündən əvəzedici heyətə göndərmək düz çıxmazdı. “Neftçi”də elə futbolçu yoxdu ki, ona şans verməyim.(Apasport)