"Çox yorulmuşdum, nə etdiyimi bilmirdim" - Araz Abdullayev

Topaz Premyer Liqasının XI turu çərçivəsində öz meydanında “İnter”i məğlub (2:1) etməklə, uzun fasilədən sonra ilk qələbəsini qazanan “Neftçi” klubunun kapitanı Araz Abdullayev qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

 

- Görüşdən öncə qələbə qazanacağınıza inanırdınız?

- Təbii ki. Düzdü, neçə turdu qələbəyə həsrət idik. Üstəlik, doğma meydanda çıxış edirdik. Bu səbəbdən qələbəyə səfərbər olmuşduq. Rəqib güclüdü, yaxşı mübarizə apardı, amma qələbəni biz daha çox istəyirdik. "İnter"in də qol vurmaq üçün imkanları oldu, istifadə edə bilmədilər. Biz isə bunu bacardıq. Azarkeşlərimizi təbrik edirəm.

 

- Təbrik etdiyiniz azarkeşlər ünvanınıza təhqirlər səsləndirirdi. Bu amil 90 dəqiqə ərzində sizi narahat etmirdi?

- Düzdü, hər nə qədər fikir verməsəm belə, təsir edir. Mən oyuna köklənməyə çalışırdım. Komandaya xeyir vermək üçün əlimdən gələni edirəm.

 

- Əvəzlənən zaman vitse-kapitanın Cavid İmamverdiyev olduğunu bilə-bilə, niyə kapitan sarğısını Mahir Şükürova uzatdınız?

- Çox yorulmuşdum, nə etdiyimi bilmirdim.

 

- Bu qələbənin azarkeşlərin yenidən stadiona qayıtmasına köməyi dəyəcəkmi?

- Heyətimizdə problemlər var. Amma maksimum xal toplamaq üçün əlimizdən gələni edirik. Yəqin ki, qış fasiləsi zamanı daha yaxşı olacaq.

 

- Təkrardan aydın görünür ki, hakim penalti təyin etməklə yanlış qərar verib. Həmin epizod barədə siz nə deyə bilərsiniz?

- Hakimlər özlərini həmişə haqlı sayırlar.  Belə qərar verilibsə, deməli, haqlıdırlar. Onların qərarını müzakirə etmək istəmirəm.

 

- Penaltinin düzgün qərar olmadığını bilsəydiniz, dəqiq zərbə vurmazdınız?

- Bəlkə kənara da vurardım, problem deyil.

 

- Uduzduğunuz görüşdən sonra “mix-zona”ya gəlmirsiz. Jurnalistlərlə probleminiz var?

- Uduzmağı qəbul edə bilmirəm. Çalışdığım qədər komandamın qələbə qazanmasına çalışıram. Gəlməməyimin jurnalistlərlə bağlılığı yoxdu.

 

- Olmazmı, azarkeşlərlə ayrıca görüşüb, söhbət edəsiniz?

- Onlar bazaya gəlirlər, dəfələrlə görüşmüşük də. Orda xoş sözlər deyirlər. Amma oyunda fərqli şüar səsləndirirlər. Çalışıram oyunuma təsir etməsin. Peşəkar futbolçuyam, gedib kənarda kiminləsə söhbət etməyi özümə yaraşdırmıram. Münaqişə lazım deyil. Hər zaman bazadayıq. Nə sözləri olursa, gəlirlər, danışırıq.(Apasport)